məclis.info saytının rəhbəri İmran Əliyev və ictimai fəal Elgiz Qəhrəmanın işi üzrə istintaq yekunlaşıb, baxılması üçün məhkəməyə göndərilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin icraatına verilib.
Bu barədə onların yaxınları məlumat verib. Məhkəmənin ilk iclasının mayın 20-nə təyin edildiyi bildirilir.
İ.Əliyev ötən il aprelin 19-da həbs edilib. E.Qəhrəman isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma-qətimkan tədbiri seçilib.
məclis.info platforması 2023-cü ildə təsis edilib. Sayt Azərbaycan parlamentinin fəaliyyətini təhlil edir, informativ məlumatlar təqdim edirdi. İ.Əliyev ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq - təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunub. Sonradan ona qarşı əlavə maddələrlə də ittiham irəli sürülüb. Hazırda hər iki şəxs də maliyyə və vəzifə səlahiyyətlərini aşmaq cinayətlərini ehtiva edən səkkiz ağır maddə ilə ittiham olunur. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Onlar ittihamları qəbul etmir.
Elgiz Qəhrəman
E.Qəhrəman 2016-cı ildə isə narkotik ittihamı ilə həbs olunmuş, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay cəza verilmişdi. Sonradan Ali Məhkəmə cəza müddətini 3 ilə endirmişdi. O zaman da ictimai fəal özünü təqsirli bilməyərək Facebook hesabında yazdığı tənqidi statusa görə şərlənərək həbs olunduğunu bildirmişdi.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq aralarında "AbzasMedia" nəşri, ToplumTV və MeydanTV əməkdaşları da olmaqla Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350-dən çox siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.