Keçid linkləri

2025, 04 May, bazar, Bakı vaxtı 13:18

Almaniyanın Cənubi Qafqaza bələd olan yeni xarici işlər naziri kimdir?


Prezident İlham Əliyevin Münxendə Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohann Vadeful ilə görüşü. 2024
Prezident İlham Əliyevin Münxendə Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohann Vadeful ilə görüşü. 2024

Onilliklər ərzində ilk dəfə olaraq Almaniyanın kansler və xarici işlər naziri postları yenidən bir partiyanın - sağ mərkəzçi Xristian Birlik İttifaqının (CDU/CSU) əlində olacaq. Almaniya mətbuatı xəbər verir ki, xarici işlər naziri vəzifəsini Almaniya parlamentində (Bundestaqda) xarici siyasət eksperti kimi adından söz etdirən 62 yaşlı Yohann Vadeful tutacaq. Vadeful bu postda Yaşıllar partiyasından Annalena Berboku əvəz edəcək. CDU/CSU və mərkəz sol Sosial Demokrat Partiyasının (SPD) yeni koalisiya hökuməti mayın 6-da and içəcək.

Yeni kansler Fridrix Mertsin yaxın tərəfdaşı hesab olunan Y.Vadeful 2009-cu ildən bəri Bundestaqın üzvüdür. CDU/CSU parlament qrupunun vitse-prezidenti olaraq o, xarici siyasət və təhlükəsizlik məsələlərinə cavabdeh olub.

"Əsas diqqətim transatlantik əlaqələr və NATO, Çin və Rusiya ilə münasibətlər, eləcə də Balkanlar və Yaxın Şərqdir", – Vadeful öz vebsaytında yazır.

Hüquq sahəsində doktorluq dərəcəsinə malik olan Y.Vadeful həmçinin Almaniya silahlı qüvvələrinin ehtiyatda olan zabitidir (polkovnik-leytenant rütbəsi var). O, dəfələrlə Almaniya ordusunun daha yaxşı təchizi və ölkədə məcburi hərbi xidmətin yenidən bərpasını tələb edib. Bu profil ilə o, müdafiə naziri vəzifəsi üçün də nəzərdən keçirilirdi. Lakin bu vəzifə Almaniyanın populyar siyasətçisi, ə koalisiyada yer alan sosial-demokrat Boris Pistoriusa verilib.

Vadeful Cənubi Qafqazı tanıyır

Almaniyanın xarici işlər naziri postuna namizəd Vadeful həm də Cənubi Qafqaz regionuna bələddir. O, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri olub. Dəfələrlə regionda səfərdə olan almaniyalı deputat yüksəksəviyyəli görüşlər də keçirib.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan-Ermənistan arasında Qarabağ münaqişəsi ilə bağlı Vadefulun mövqeyi Azərbaycandan yana olub. Almaniyalı deputat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu bildirib.

2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyata münasibət bildirən Vadeful bəyanatında deyib: "Ermənistan baş nazirinin Dağlıq Qarabağın birmənalı olaraq Azərbaycan ərazisinin bir hissəsi olduğunu etiraf etməsi danışıqlar üçün əsas yaradıb. Biz bu yolda davam etməliyik. Biz birmənalı şəkildə hərbi həlli rədd edirik".

Ukraynaya dəstək və ABŞ ilə münasibətlər

Y.Vadeful DW-yə müsahibəsində bildirib ki, yeni hökumət Ukraynanı dəstəkləməyə davam edəcək. "Düşünürəm, bu məsələdə iştirak edən hər kəsə, xüsusilə Vladimir Putinə, aydın olmalıdır ki, biz Ukraynanın yanındayıq. Ukraynaya dəstək verəcəyik və ona Rusiya ilə... bərabər səviyyədə dayanmaq imkanı təqdim edəcəyik", - Vadeful bildirib.

Vadefulun sözlərinə görə, yeni hökumətin Ukrayna siyasəti Avropa tərəfdaşları ilə əlaqələndirilmiş şəkildə formalaşdırılacaq.

Zəifləyən transatlantik münasibətlər də gələcək xarici işlər nazirinin narahat edən mövzular arasındadır.

"Avropa özünü müdafiə etmək üçün əvvəlkindən daha çox iş görməlidir. Almaniya da burada aparıcı rol oynayacaq", - Vadeful DW-yə deyib. "Lakin biz həm də Vaşinqtondan eşitmək istəyirik ki, onlar bizim səylərimizi qiymətləndirirlər və ümumi məqsədlərimizə sadiqdirlər".

XS
SM
MD
LG